Türkiyə Erməni Fondları Birliyinin rəhbəri: “Yaşadığımız acıların siyasətin alətinə çevrilməsinə qarşıyıq”
“Anadolu” agentliyinə açıqlama verən qurum sədri bildirib ki, ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr erməni məsələsilə bağlı xoşniyyətli yanaşmadan uzaqdır.
“100 ildən də çox bir vaxt öncə iki xalq arasında yaşanan bəzi acı və kədərləndirici hadisələrin siyasi məqsədlərlə istifadə olunmasını təqdir etmirik. Yaşadığımız acıların siyasətin alətinə çevrilməsinə qarşıyıq.
Tarixdə yaşanan xoşagəlməz hadisələr Ermənistan və Türkiyə dövlət rəsmiləri, həmçinin bitərəf tarixçilər tərəfindən müzakirə oluna bilər. Amma məsələyə siyasi motivlərlə müdaxilə edənlər – ABŞ, Aİ və bəzi digər ölkələrin xoşniyyətli yanaşmadan uzaq olduğunu görürəm.
Erməni xalqı ilə xoş münasibət qurmağın ilk şərti türk xalqının qüruru ilə oynamaq, ya da Türkiyəyə düşməncəsinə münasibət bəsləmək olmamalıdır”, - deyə B.Şirinoğlu bildirib.
O, qeyd edib ki, hazırda bütün dünya erməniləri 1915-ci il hadisələrinin ildönümü münasibətilə Ağ Evdən ənənəvi açıqlamanı gözləyirlər.