Bakıda 423 min dollarlıq məhkəmə işində şahid: “Zərərçəkmişlə bağlı “mehribanlıq” duaları yazırdım”
Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
İşdə daha çox adı hallanan şahid Mehriban Atakişiyeva ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona müxtəlif məqsədlərlə hissə-hissə olaraq ümumilikdə 50 min manat verib:
“O, mənə pulu guya xeyriyyəçiliklə məşğul olan adamın adıyla verirdi. Mən də həmin pullarla sosial problemlərimi həll etmişəm. Lakin mən bu pulun mənbəyinin haradan olmasından xəbərsiz olmuşam. Nellinin sifarişi ilə zərərçəkmiş Əfqan Zeynalovla bağlı “mehribanlıq” duaları yazırdım. O, mənə nə qədər pul veribsə hamısını da qaytarmışam”.
M.Atakişiyeva 50 min borcu olduğu halda hansı səbəbdən 70 min manat geri qaytarmasını məhkəməyə izah edə bilməyib.
Təqsirləndirilən şəxs Əfqan Zeynalov isə bildirib ki, əlində Nelli Fabriçnaya tərəfindən pulların götürməsi ilə bağlı kifayət qədər səs və video etirafları var.
Daha sonra Nelli Fabriçnaya ilə Əfqan Zeynalovun arasında olan vatsap yazışmaları elan olunub. Yazışmalardan pulun bir qisminin M.Atakişiyeva və Nellinin sevgilisi Rauf adlı şəxsə çatdığı qənaətinə gəlinib.
Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.
İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.
İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.
Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O, iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.