Rumıniyada SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi - FOTO
- 28-10-2021, 22:05
- İqtisadiyyat
SOCAR-ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhəddindəki Suceava regionundadır.
Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı “SOCAR” brendli YDM-dir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir.
Məntəqədə “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir.
Bundan başqa YDM maye qaz (LPG) və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilib.
Məntəqədə 2 avtoyuma və elektromobillər üçün şarj aparatı da quraşdırılıb. Digər YDM-də olduğu kimi SOCAR müştəriləri və qonaqlar bu məntəqədə də təkərlərin doldurulması, internet, telefonların enerji ilə doldurulması kimi pulsuz xidmətlərdən də istifadə edə bilərlər.
Məntəqəki “Nar” kafedə yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılmışdır. Eləcə də məntəqələrdə quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda 66 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateti plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.