Korsikalılar Fransanın yeni qanun layihəsini qəbul etmirlər
- 13-03-2023, 17:04
- Dünya
Korsikalılar Bastia İnzibati Məhkəməsinin ana dilindən istifadənin qadağan olunması qərarını qəbul etmir.
Korsika İcra şurasının sədri, “Korsika naminə” millətçi koalisiyasının liderlərindən biri Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis qəbul etdiyi birgə bəyanatda bildiriblər ki, bu vəziyyəti qəbul etmək ağlasığmazlıqdır.
“Məhkəmənin bu qərarı və onun motivasiyası Korsika dilinin rəsmi statusunun (fransız dili ilə bərabər) təmin edilməsi üçün konstitusiyaya yenidən baxılmasına mütləq ehtiyac olduğunu təsdiqləyir. Bu, Korsika dilinin yaşaması və inkişafı üçün əvəzsiz şərtdir”, - bəyanatda vurğulanıb.
Korsikanın müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası da “Twitter” səhifəsində məhkəmənin qərarını pisləyib və bunu “rüsvayçı” adlandırıb. Daha əvvəl Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini “Twitter”də məhkəmənin qərarının Korsika üçün təhqir kimi səsləndiyini qeyd edib.
Xatırladaq ki, daha əvvəl BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen məhkəmənin bu qərarını pisləyib.
“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair qərar ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur. Amma Korsika dili qadağandır”, - o qeyd edib.