Bilal Ərdoğan Azərbaycan könüllülərinin fəaliyyəti ilə tanış oldu - FOTO/VİDEO
- 24-02-2023, 12:28
- Cəmiyyət
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan ötən gün Azərbaycan könüllülərinin qardaş Türkiyədəki düşərgəsinə baş çəkib və gənclərimizin zəlzələ bölgəsindəki fəaliyyəti ilə yaxından tanış olub. O, Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyalarını, habelə könüllü gənclərimiz qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirib və Azərbaycan dövlətinə və xalqına bu çətin günlərdəki həmrəyliyinə görə minnətdarlığını ifadə edib. Bilal Ərdoğan ziyarətinin sonunda Azərbaycan könüllüləri ilə xatirə şəkli çəkdirib və gənclərimiz ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin “Bir yumruq, bir ürək, bir can” şüarını deyərək qardaşlıq, dostluq və həmrəylik mesajı verib.
Məlumat üçün bildirək ki, təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərdə könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.
Eyni zamanda, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.