Qevork Kostanyan: “İrəvan Bakıya 50 milyard dollar təzminat ödəməlidir”
- 12-11-2020, 17:04
- Siyasət
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş Baş prokuroru və respublikanın Avropa İnsan Haqları Məhkəməsində sabiq nümayəndəsi Qevork Kostanyan açıqlama verib.
Onun sözlərinə görə, hələ iki il əvvəldən Azərbaycanın Qarabağ və ətraf yeddi rayonda maddi ziyanla əlaqədar təzminat üçün İrəvana qarşı məhkəmə hazırlığı barədə xəbərdarlıq edib.
“Bakı Azərbaycana dəyən zərərin hesablanması üçün beynəlxalq təşkilat tutmuşdu, o da ziyanın miqdarının 50 milyard dollar olduğunu hesablayıb”, - deyə o bildirib.
“Əminəm ki, Ermənistanın Baş naziri 10 noyabr tarixində məlum sənədi imzalamaqla, bir növ Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqlədiyindən və bununla da dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyündən bu istiqamətdə işlər daha da gücləndi”, - deyə keçmiş Baş prokuror əlavə edib.
Kostanyan hadisələrin belə inkişafının qarşısının alınması üçün Paşinyanın istefasını zəruri addım adlandırıb.