Baş Prokuroluqdan Gəncə ilə bağlı növbəti MƏLUMAT
- 11-10-2020, 10:33
- Siyasət
Düşmən xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
Baş Prokurorluqdan ''Azad Səs''-ə verilən məlumata görə, hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.
Ermənistan silahlı qüvvələrinin 11 oktyabr gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub.
16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.