Almaniyadakı soydaşlarımız bəyanat yayıblar
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində törədilmiş terror aktı ilə əlaqədar Almaniyada yaşayan soydaşlarımız bəyanat yayıblar.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münhen Azərbaycan Evi, Alman-Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.
Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.