Azərbaycan niyə Livana yardım etdi? - SUALLARA CAVABLAR
- 11-08-2020, 11:42
- Dünya
"Azərbaycan niyə Livana 1 milyon dollarlıq yardım etdi", "Niyə erməni diasporunun çox nüfuzlu və güclü olduğu, Ermənistanla sıx əlaqələrə malik Livana Bakı yardım etdi?"Bu və bu kimi suallar artıq neçə gündür sosial şəbəkələrdə refren kimi səslənir.
Sualları cavablamağa çalışaq.
Livan 1991-ci ilin dekabrın 30-da Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.
Livanın xarici işlər və diaspor naziri (artıq sabiq, çünki Livan hökuməti dünən tam tərkiblə istefa verib) Cubran Basil bütün beynəlxalq tədbirlərdə, xüsusilə də BMT-də daim Azərbaycanın mövqelərini müdafiə edib.
Beyrutdakı partlayış məşum olaydı. Orada həlak olanlar və yaralananların, sadəcə, 1 faizi ermənilərdir. Yerdə qalan 99 faiz xristianlar və müsəlmanlardır.
Yaralananlar, həlak olanlar arasında müsəlmanlar total çoxluq təşkil edir.
Humanizm, şəfqət, dar gündə yardım anlayışları var. Azərbaycan livanlı ermənilərə yox, viran qalmış Beyrut sakinlərinə yardım yollayıb.
Bu, yardımın humanitar yönüdür.
Gələk siyasi məqamlara.
Livan kiçik, çox ciddi problemlər içindəki ölkə olsa da, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür.
Rəsmi Beyrut Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı indiyədək bir dəfə də olsun (!) rəsmi İrəvanın mövqelərini hər hansı formada təqdir edəcək bəyanat verməyib.
Tam tərsinə, Livan Ermənistanı işğalçı dövlət kimi tanıyır və Livan XİN-nin istisnasız olaraq, bütün bəyanatlarında Azərbaycanın sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suvereniteti ön plana çəkilib.
Livan ermənilərinin Dağlıq Qarabağa və erməni işğalında olan ərazilərimizə "köç"ü ilə bağlı Ermənistanın bəyanatlarına gəldikdə isə, rəsmi Beyrut bunu qətiyyətlə pisləyib, Ermənistanın siyasi provokasiyası sayıb.
Belədirsə, erməni diasporunun çox güclü olduğu, ölkənin siyasi və ictimai həyatında ciddi rol oynadığı, biznes strukturlarında onillərdən bəri kök salmış şəbəkəyə malik ermənilərin yaşadığı Livana edilmiş 1 milyon dollarlıq yardım Azərbaycanın geosiyasi maraqları, dövlət mənafeləri baxımından hələ azdır.
Bundan başqa, erməni diasporunun azsaylı olmadığı Livanda Azərbaycanın müsbət imici formalaşmalı, ermənilərin bizə qarşı yönəlmiş düşmən təbliğatını zəiflətməliyik.
Daha bir misal: Avropa Birliyində Yunanıstan əksər hallarda Bakını dəstəkləyir.
Əvvəllər Yunanıstanla Azərbaycanın da münasibətləri sərin idi: bəlli məqamlara görə, bilirsiniz. Lakin rəsmi Bakı nəinki bu sərinliyi aradan qaldırmağa, hətta bəzi ciddi məsələlərdə Afinanın müttəfiq kimi davranmasına nail oldu.
Yəhudi diasporundan sonra ikinci güclü diasporun məhz yunanlar olduğu ABŞ-da da Senat və Nümayəndələr Palatasındakı önəmli müzakirələrdə yunan kokusu ya Bakının maraqlarını dəstəyləyir, ya da bu maraqlara qarşı çıxmayaraq "sakit durur".
Bakının Afina ilə əlaqələri heç bir halda Ankara ilə "bir millət, iki dövlət" prinsipinə əsaslanan qardaşlıq bağlarına xələl gətirmir. Tam əksinə, Bakı-Afina münasibətlərində Ankara ciddi maraqlıdır ki, bu da ayrı söhbətin mövzusudur.
1 milyon dolları Azərbaycanda xərcləmək, müavinətlərə, sosial yardımlara, vətəndaşlara dəstək proqramlarına yönəltmək olardı?
Bəli, təbii.
Amma beynəlxalq arenada mövqelərini möhkəmlətmək istəyən dövlət belə xərclərə getməlidir.
Və sonda daha bir misal: elə həmin Livan bu il Banqladeşə 2,26 milyon dollarlıq təmənnasız yardım yollayıb.
Livanlılar da narazıdır, "biz hara, Banqladeş hara?" deyirlər, "o pulları viranə qalmış iqtisadiyyatımıza yatıra bilərdik" söyləyirlər.
Beyrut niyə banqladeşlilərə yardım etdi? Çünki Beyrutun geosiyasi maraqları var.
Üstəlik, Beyrutdakı BMT sülhəramlıları arasında banqladeşlilər də az deyil.
Elə limandakı partlayışda da ağır yaralananlar arasında banqladeşli hərbçilər vardı.
Geosiyasətdə romantikaya yer yoxdur.
Romantikaya, gurultulu şüarçılığa qalsaydı, Qırğızıstan hərdaim yanımızda olmalıdır: türkük axı, eyni kökdənik və s.
Amma şəxsən mən, Qırğızıstanın sabiq prezidenti Əsgər Əkəyevin İrəvanda olarkən Sisernakaberdə yollanmasını, orada "qondarma erməni soyqırımı qurbanları"nın xatirəsi önündə baş əyməsini əsla unutmamışam və unudan da deyiləm.