İlk dəfə olaraq Böyük Britaniya parlamentində Azərbaycan şirkətlərinin təqdimatı keçirilib - FOTO
- 3-02-2023, 18:26
- Dünya
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə Britaniya parlamentinin aşağı palatasında “AZƏRBAZALT” Elmi-İstehsalat Birliyi MMC-nin və “AZCHEMCO” şirkətinin təqdimatına həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə Azərbaycanda şirkətlərin innovativ layihələri, eləcə də layihələrin inkişaf coğrafiyasının Qərbə doğru genişləndirilməsi planları təqdim olunub.
Tədbirin qonaqları arasında Azərbaycan və Türkmənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliklərinin nümayəndə heyətləri, Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatasının həmsədri və biznesin inkişafı üzrə direktoru Hovard Lin, Qazaxıstanın “The British-Kazakh Society”nin sədri Rupert Qudman, “KazMunayQaz” şirkətinin idarə heyətinin eks-sədri Alik Aydarbayev, “P&O Maritime” şirkətinin inkişaf direktoru Radostin Popov, Qlobal konsaltinq və tikinti firması MACE-nin nümayəndə heyəti, Böyük Britaniyanın ən böyük hüquq firması “Freeths”in nümayəndələri, Böyük Britaniyanın ən böyük bankı olan HSBC-nin nümayəndələri, İraq Britaniya Biznes Şurasının icraçı direktoru Kristof Mikels, Bristol Universitetində Milli Kompozitlər Mərkəzinin nümayəndələri və başqaları iştirak ediblər.
Xatırladaq ki, Azərbaycanın “AZCHEMCO” MMC şirkəti ilə “AZƏRBAZALT” Elmi-İstehsalat Birliyi MMC arasında Əməkdaşlıq Memorandumu ötən ilin noyabrında imzalanıb. Şirkətlər bazalt tozunun həll edilməsi və ondan maye gübrə kimi və günəş radiasiyasının təsirinin qarşısını almaq, eləcə də bina daxilində istilik ötürülməsini azaltmaq üçün, həmçinin binaların eksteryerinin rənglənməsində istifadə olunan tərkib hissəsi kimi istifadə edilməsi üzrə birgə layihələr üzərində fəal işləyirlər. Şirkət bununla həm də enerji xərclərini azaldır. Bu layihələr bazalt tozunun özünün təbii xüsusiyyətləri ilə asanlaşdırılır.
2022-ci ilin sentyabrında “AZƏRBAZALT” Elmi-İstehsalat Birliyi MMC Göygöl rayonunda 10,8 hektar ərazisi olan Çaykənd bazalt yatağının istismarı üzrə tenderin qalibi olub.
“AZCHEMCO” MMC ölkəmizdə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək vermək, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələrinin və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması istiqamətində ideya və layihələr yaradır. Ötən il şirkət “EXPO 2020” çərçivəsində öz layihələrini Dubaydakı Azərbaycan pavilyonunda və Vaşinqtonda keçirilən regional САМСА forumunda təqdim edib.