“Microsoft” “Windows”un son yeniləməsində kritik səhvi etiraf edib
Bu barədə şirkətin saytında məlumat verilib.
Korporasiya nümayəndələri istifadəçilərin qarşılaşdıqları problemlərdən xəbərdar olduqlarını deyiblər.
Ofis avadanlığı ilə bağlı problemin və “ölümün mavi ekranı”nın (“Blue Screen of Death, BSoD”) “Windows – 10”-un demək olar ki, bütün mövcud versiyalarında baş verə biləcəyi vurğulanıb. Uğursuz yeniləmə xüsusən 20H2, 2004, 1809 və 1803 versiyaları bazasında işləyən kompüterlərə zərər verə bilər.
Mühəndislər əksər hallarda APC_INDEX_MISMATCH səhvinin baş verdiyini və bunun kompüterlə printerin qarşılıqlı işinə mane olduğunu qeyd ediblər.
Microsoft forumlarında və sosial mediadakı şikayətlərə görə problemlər KB5000802 mart yeniləməsinin yayımlanmasından sonra ortaya çıxıb. Zərərçəkən istifadəçilərə problemli yeniləməni silmələri tövsiyə olunur.