Vüqar Bayramov: “Mədəniyyət qurumlarının öz xidmətləri sayəsində xərclərini ödəmələri real deyil”
- 17-03-2023, 18:46
- Cəmiyyət
“Mədəniyyət sahəsi daxil olmaqla, ümumiyyətlə bütün sektorlarda kadr və struktur islahatları davam edir. Müasir çağırışlara uyğun olaraq, daha çevik, şəffaf və eyni zamanda bürokratiya əngəllərinin minimallaşdırılmasına xidmət edən idarəetmə sistemi formalaşır. Bu tələblərə cavab verməyən kadrlar öz mövqelərindən uzaqlaşdırılırlar”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ekspert Vüqar Bayramov “Evdə tənha olanlara” podkastında deyib.
“Biz əvvəlki dövrlərdə də kadr dəyişikliklərini müşahidə etmişik. Bu, davamlı bir prosesdir. Daha innovativ, çevik, şəffaf qərar verən gənc kadrların idarəetmədə çox olması əsas hədəflər sırasındadır. Mədəniyyət Nazirliyi də bu baxımdan istisna deyil. Bu, hesab edirəm ki, müasir dövrün idarəetmə ilə bağlı tələbləridir və Prezident tərəfindən də müəyyənləşdirilmiş tələblər məhz kadrların şəffaf, çevik, səmərəli idarəetmə qurmaları ilə bağlıdır”, - deyə ekspert bildirib.
V.Bayramov qeyd edib ki, mədəniyyət sahəsində vətəndaş məmnunluğu çox vacibdir:
“Bu sahədə bütün qurumların yaxşı xidmət göstərmədiyini demək doğru olmazdı. Sözsüz, öz işini yerinə yetirə bilməyən və yaxud problemləri olan qurumlar var, amma etiraf etmək lazımdır ki, son illər bu sahədə biz xidmətlərin keyfiyyətinin artmasını müşahidə edirik. Eyni zamanda, bu sahədə rəqəmsallaşmadan da istifadə olunur. İslahatlar da məhz mədəniyyət sahəsində xidmətlərin səmərəliliyinə bir stimul yaradır. Gözlənilir ki, son islahatlardan sonra mədəniyyət sahəsindəki dövlət müəssisələrinin təklif etdikləri xidmətlərin keyfiyyətində daha çox dəyişiklik olacaq”.
Ekspert əlavə edib ki, bütün inkişaf etmiş ölkələrdə mədəniyyət sektoru özü özünü təmin edir, bu da birbaşa bazarın geniş olması ilə bağlıdır.
“Azərbaycan bazarının da mədəniyyət sektorunda xidmətlərin keyfiyyəti və çeşidi artdıqca genişləndiyini görəcəyik. Bu sahədə xidmətlər liberallaşsa, biz buna daha tez nail olarıq.
Ümumiyyətlə, bütün ölkələrdə mədəniyyət sahəsində bir sıra qurumlara dövlət dəstəyi var. Onların yalnız öz xidmətləri sayəsində öz xərclərini ödəmələri real deyil, dövlət tərəfindən dəstəyə və kompensasiyaya ehtiyacları var. Məsələn, muzeylər və kitabxanalar - bunlar birmənalı şəkildə dövlət tərəfindən dəstək almalıdırlar. Bu istiqamətdə də dəstəyin gücləndirilməsinə ehtiyac var.
Digər vacib məqamlardan biri - ümumiyyətlə bəzi xidmətlərin özəl sektorun dövlətlə əməkdaşlığa cəlb olunması yolu ilə təklif edilməsidir. Həmçinin bəzi qurumların publik hüquqi şəxsə çevrilməklə dövlətdən kənar mənbələrdən gəlir eldə etmələrinə nail olmaqdır. Mədəniyyət - prioritet sahələrdən biridir və buradakı bir sıra qurumlar dövlətdən dəstək almağa davam edəcəklər”, - deyə ekspert vurğulayıb.