DGK sədri yeni sərhəd buraxılış məntəqələrinin yaradılması məsələsini şərh etdi
Azərbaycan Rusiya ilə yanaşı, digər ölkələrlə mövcud olan keçid məntəqələrini inkişaf etdirməklə bütün sərhəd buraxılış məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi üzərində işləyir.
Bunu “Report”un sualına cavab olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
Onun sözlərinə görə, ardıcıl olaraq mərhələlərlə bu layihələrin üzərində iş aparılır:
“Bu sahələrdə müvafiq layihələr mövcuddur. Dövlət başçısı tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir. Bu, infrastrukturun modernləşdirilməsi ixrac potensialının artırılmasına, tranzit üçün əlverişli şəraitin yaradılmasına, ölkələr və qonşular arasında, o cümlədən də yüklərin axınına şərait yaradacaq”.
Ş.Bağırov bildirib ki, Gürcüstanla da qarşılıqlı razılıq əsasında yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub:
“Bu məsələ hələlik öz həllini tapmayıb, layihələndirmə işləri aparılmalıdır və maliyyə məsələləri həllini tapmalıdır. Bu, zaman çəkəcək. Amma bununla bağlı müəyyən işlər aparılır”.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün altı buraxılış məntəqəsi müəyyən edilib.