Bakı metrosunun iş qrafiki dəyişir
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Qafqazinfo”ya verdiyi məlumata görə, martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
B.Məmmədov qeyd edib ki, 19-21 martda “Həzi Aslanov”-“28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək: ““28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq.
Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq. “Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq”.