Elm və təhsil naziri: “Valideynlər külli miqdarda pul yığılmasından əl çəkməlidirlər”
- 27-02-2023, 17:36
- Cəmiyyət
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə 8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə müəllimələrə hədiyyə alınması məsələsi ilə bağlı danışıb.
Oxu.Az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, belə təşəbbüslə daha çox valideynlərin çıxış etdiyini qeyd edib:
“Valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırsa, külli miqdarda pul yığılırsa, bu, məktəbin idarə olunmasına adekvat deyil. Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edirlər.
Əgər hansısa məktəblərdə belə hallara yol verilirsə, nazirliyin qaynar xəttinə müraciət etsinlər. Bu barədə şikayət daxil olmalıdır ki, biz araşdıraq. Təbi ki, bahalı hədiyyələr, pul yığılması pedaqoji fəaliyyətə ziddir”.
Nazir əlavə edib ki, uşaqlar, valideynlər müəllimləri xoş sözlər, açıqçalarla, maddi deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar.
“Valideynlər bahalı hədiyyələrin alınması, külli miqdarda pul yığılmasından əl çəkməlidirlər”.