Həkim: “Buster doza yetərli deyil, yenə peyvəndə ehtiyac var”
“İnfluenza” el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir. Son 2 ayda Azərbaycanda bu qrip geniş yayılıb.
TƏBİB-in də yaydığı məlumatda bildirilir ki, 2022-2023-cü il qış mövsümündə RSV və COVID-19 virusu ilə yanaşı qripə yoluxmanın da artması nəzərə çarpıb.
Bəs qripin belə kütləvi yayılmasının səbəbi nədir?
Koronavirusa görə sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyalarının yayılma səviyyəsi azalmışdı, bu isə öz növbəsində belə viruslara qarşı əvvəllər əldə edilmiş immunitetin də müəyyən qədər zəifləməsinə səbəb olub.
Pandemiyada sərt karantin tədbirləri aradan qaldırıldıqdan sonra isə insanlar “koronavirus davranışlarına” getdikcə daha az diqqət etməyə başlayıblar və bu da mövsümi respirator xəstəliklərin yayılmasını artırıb.
Bəs, bu qripi COVID-19-la eyniləşdirmək olarmı?
Tanınmış həkim Valeh Əsədov deyir ki, indi yayılan qripi koronavirusla müqayisə etmək olmaz:
“İldə bir dəfə qripə qarşı peyvənd vurdurmaqla biz özümüzü bir mövsüm qripdən qoruya bilirik, amma koronavirusda yeni variantların və ştammların əmələ gəlməsi davam etdiyi üçün bizim koronavirusdan aldığımız buster dozalar hələ ki, yetərli deyil. Hələ ki, biz bunu dörd-altı aydan bir təkrar etməliyik, amma qripdə bu vəziyyət stabildir”.