“Veteranlar haqqında” qanuna dəyişiklik edildi
Oxu.Az-ın məlumatına görə, dəyişiklikliyə əsasən qanunun 3-cü maddəsinə yeni bənd əlavə olunub.
Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.
Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır.
Layihə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.