Xocalı faciəsi günü iki yaşı tamam olan şəhid Tural - VİDEO
“Hər kəs bilir ki, ermənilər Xocalıda başımıza nə müsibətlər gətiriblər, 613 şəhidimiz olub. Amma mən bundan sonra “Xocalı” abidəsi önünə qürurla, fəxarət hissi ilə gedəcəyəm ki, sizin qisasınızı aldılar. Daha məyus olmayacağam, onları gülə-gülə, sevinə-sevinə yad edəcəyəm. Çünki artıq bizim bütün sərhədlərimizə ordumuz nəzarət edir...”
Bunu “Qafqazinfo”ya Xocalı sakini, Vətən müharibəsi şəhidimizin atası Şakir Abdullayev soyqırımının 29-cu ildönümü ərəfəsində bildirib.
Abdullayevlər ailəsi bəlkə də təsəvvür etməzdi ki, illər keçəcək, 1990-cı il fevralın 26-da dünyaya gələn övladları Tural böyüyüb Xocalıda günahsız insanlara qarşı törədilən qətliamın qisasını alacaq. Həmin faciə günü cəmi iki yaşı tamam olan qəhrəman torpaqlarımızı öz qanı bahasına azad edərək adını zəfər tariximizə yazdıran igid oğullardan biri olacaq...
Abdullayevlər ailəsi bizə göstərmək üçün Xocalıda qətliama qədər yaşadıqları xoş günlərini xatırladacaq nə bir foto, nə də başqa bir nişanə tapır. Çünki həmin soyuq qış günündə ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarıblar.
Şəhidin atası deyir ki, Xocalıda günahsız soydaşlarımızın qətliamı Turalda qarşısıalınmaz bir hiss yaratmışdı.
Ş.Abdullayev danışır ki, Tural döyüşə də sevinə-sevinə gedib. O qədər sevinib və tələsib ki, heç ailə üzvləriylə görüşməyə belə macal tapmayıb. Onunla sonuncu dəfə sentyabrın 26-da danışa biliblər. Müharibə başlanan gündən isə telefonuna zəng çatmayıb. Sentyabrın 30-da şəhid xəbəri gələn Tural Abdullayev Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
İndi isə valideynlərinin bir istəyi var - oğlanlarının xatirəsi ermənilərdən qisas alan qəhrəman kimi Xocalının qətl günündə anılsın...