Главная > Siyasət > “Fransa Senatının qətnaməsi Minsk Qrupunun tabutuna vurulacaq son mıx olacaq”
“Fransa Senatının qətnaməsi Minsk Qrupunun tabutuna vurulacaq son mıx olacaq”26-11-2020, 16:01. Разместил: azadses |
“Fransa Senatının qəbul etdiyi qətnaməni qınayıram və hesab edirəm ki, bu addım Fransa-Azərbaycan münabətlərinə xələl gətirəcək”. ''Azad Səs'' xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib. A.Qasımlı bildirib ki, Azərbaycan ərazisində, məhz Qarabağda Rusiyanın hərbi kontingentinin olması faktını nəzərə alaraq Fransa Senatının bu qərarı yalnız Rusiyanın maraqlarına xidmət edəcək: “Bu qərar Fransa prezidenti tərəfindən təsdiq edilərsə, həm Rusiyanın mövqeyini gücləndirəcək, həm Minsk Qrupunun tabutuna vurulacaq son mıx olacaq. Belə olan təqdirdə də bunun nə Fransaya, nə Azərbaycana, nə də iki dövlət arasında münasibətlərə xeyri olacaq. Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan artıq bu qətnamənin təsdiq edilməsinin əleyhinə çıxıb. Ümid edirəm ki, Fransa prezidenti Senatın yanlışlığını düzəldəcək və bu qətnaməyə imzasını atmayacaq. 10 gün əvvəl Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zaxari Qrossun dəvəti əsasında görüşümüz və fikir mübadiləmiz oldu. Mənim mövqeyim dəyişməz olaraq qalır və açıqdır: Azərbaycan ərazisində heç bir ölkənin hərbi bazaları və sülhməramlıları olmamalıdır. Azərbaycan Qərblə də, Rusiya ilə də, bölgəmizdə yerləşən digər ölkələrlə də dostluq və mehriban qonşuluq münasibətlərini saxlamağı bacarmalıdır. Bunun yanında Azərbaycanın inkişaf yolunu avrointeqrasiyada görürəm. Lakin istəmədiyimiz oldu və hazırda Qarabağda Rusiya faktoru daha real gücə çevrildi. Belə olan təqdirdə Rusiyanın mövqeyini daha da gücləndirməkdən çəkinmək lazımdır. Digər tərəfdən Qarabağ erməniləri coğrafi və digər amilləri nəzərə alaraq heç vaxt müstəqil ola bilməzlər. Fransa Senatının qərarından sonra Belçika parlamenti də eyni addımı atmağa hazırlaşır. Bunlar hamısı xarici siyasətimizdə və diplomatiyamızdakı səhvlərin nəticəsidir. Hər çıxışda, hər müsahibədə, hər bəyanatda, hər davranışda Qərb ölkələri tənqid edilir. Elçibəy iqtidarı Rusiya və İranla münasibətləri korlamaqda ittiham edilir, lakin bundan daha böyük səhv indi edilir – dünyanın ən qüdrətli ölkələri, müstəqilliyimizə qarant olacaq dövlətlərlə münasibətlərimizi korlayırıq. Rusiyanın hərbi kontingentini Azərbaycan torpaqlarına buraxmaqla həm müstəqilliyimizi təhdid altına atmış olduq, həm Qarabağın qondarma rejiminin tanınmasının qapısını araladıq. Sadə həqiqəti qəbul etməliyik ki, müstəqil dövlətin ərazisində heç bir ölkənin "sülhməramlıları" olmur və əgər onlar varsa, demək sən onların olduğu əraziyə nəzarət etmirsən. Sabah xoşagəlməz hadisələr baş verdikdə "bizi dünyada sevmirlər" tezisinin heç bir işə yaramacacağını Xalq olaraq biz indidən bilməliyik. Hansısa xarici ölkəyə sığınmaqdansa, Xalqın həqiqi və səmimi birliyinə, Xalq hakimiyyətinə sığınmalıyıq, şəxsi hakimiyyət deyil, ölkə maraqları nəyi tələb edirsə, onu etməliyik”. Вернуться назад |