Главная > Siyasət > "Türkiyə bəyan etdi: "Sən qarışsan, mən də qarışacam"
"Türkiyə bəyan etdi: "Sən qarışsan, mən də qarışacam"18-08-2020, 15:21. Разместил: azadses |
"Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlərdən sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi mövzusu ictimai gündəmə gəldi. Bir çox digər mövzular kimi, təəssüf ki, sosial şəbəkədə "geosiyasi xətt" üzrə bölünməyə daha bir səbəb oldu. Ümumiyyətlə, bölünməyə bəndik, sanki bölünmə üçün bəhanə axtarırıq" "MediaPost"un məlumatına görə, bunu hərbi icmalçı Nazim Bayram deyib. Ekspertin fikrincə, "bazalar olsun ya olmasın" çox nəzəri və hazırki - istər qanunvericiliyimiz və aparılan siyasi kurs, istər indiki geosiyasi - şəraitdə hipotetik məsələdir: "Buna görə bölücülüyə dəyməz. "Qaşınmayan yerdən qan çıxardanlar"- millətin birliyini görməyə gözü olmayan aramızdakı "qarnı qurdlular" və milləti bölmək üzərində xüsusi işləyən, xaricdən tapşırıq alanlardır. Bazaların yerləşdirilməsinin siyasi tərəflərinə keçməzdən əvvəl deməliyəm ki, dövlətimin müstəqilliyi haqqında ülvi təsəvvürümə görə ölkəmizdə heç bir daimi xarici hərbi baza yerləşdirilməməlidir. Bu, mənim şəxsi və milli ləyaqət hissimdən gələn daxili inamımdır". N. Bayram bildirib ki, indiki vəziyyətdə Ermənistan Naxçıvanı təhdid etsə, bu halda Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər: "Türkiyəyə gəldikdə, 1921-ci il Rusiyanın da imzaladığı və qüvvədə olan Qars müqaviləsinə uyğun, Türkiyə Naxçıvanın (Azərbaycandan başqa) üçüncü tərəfə verilməyəcəyinin zaminidir. Ermənistan Naxçıvana təhdid etsə, Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər. Türkiyə Cümhuriyyətinin Naxçıvanın təhlükəsizliyinə zamin olması Azərbaycan üçün əslində artıq böyük üstünlük və böyük yüngüllükdür. Türkiyənin daimi hərbi bazası Azərbaycanda yerləşdirilsə bu, təhlükəsizliyimizi möhkəmləndirməyin əksinə, ölkəmizi daha bir Rusiya-Türkiyə, Rusiya-NATO geosiyasi qarşıdurması zolağına çevirə bilər. Ona görə düşünmürəm ki, Azərbaycan iqtidarı mövcud regional qayğılarını nəhənglərin qlobal qarşıdurma predmeti etməklə, həllinə nal ola biləcəyinə ümid eləsin". "Biz "iki nəfərə qarşı tək" idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi" "İstək və arzuları kənara qoyub, gerçəyi gerçək faktorlarla qiymətləndirsək, Türkiyənin regiona məxsusluğu və indiki statusu, Azərbaycanla 2010-cu ildə imzaladığı hərbi tərəfdaşlıq sazişindən irəli gələn hüquqi baza və bizə hərtərəfli arxa durması Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməyə kifayətdir. Bu potensialın hələ yarısı belə gerçəkləşməyib, ancaq regionda xeyrimizə olan yeni düzəni artıq yaratmaqdadır. Yeni düzənin mənası budur ki, indiyə kimi Ermənistanın arxasında Rusiya dayanmışdı və biz "iki nəfərə qarşı tək" idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi və təbii ki, bəyanatların ünvanı Rusiyadır - "sən qarışsan, mən də qarışacam". Rusiya münaqişəyə hərbi müdaxilə etsə, Türkiyə də edəcək. Başqa regionlarda əmin olduğu kimi, Putin inanır ki, Ərdoğan bunu edəcək. Bununla, Türkiyə Rusiya üçün çəkindirici rol oynayır. Bu isə, o deməkdir ki, Azərbaycanın Ermənistanla təkbətək döyüşməsinə şərait yaranıb. Türkiyə qardaşlığını bu cür edir. İndi söz bizimdir", - deyə, hərbi icmalçı bildirib. Вернуться назад |