Baş nazirdən sahibkarlarla bağlı yeni QƏRAR
- 15-10-2020, 14:02
- Siyasət
“Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi halları və qaydası müəyyən edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən ''Azad Səs''-ə verilən məlumata görə, həmin Qaydanın 3.2-ci bəndində ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal kimi zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya verilməsi və 3.3-cü bəndində isə faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faizi miqdarında, faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti qeyd olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, ölkədə ərzaq ehtiyatlarının yaradılmasının davam etdirilməsi məqsədilə zəruri ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin artırılması barədə müvafiq Qərar qəbul edib.
Qəbul edilmiş bu Qərara əsasən ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin 6 aydan 12 aya uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin 10 faizdən 15 faizə artırılması təmin ediləcək.