Rumıniya Prezidenti: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir”
“Son illərdə Rumıniya qaz tranzit imkanlarının inkişafına və qonşu ölkələrlə bağlantının yaradılmasına xeyli sərmayələr yatırıb. İlk olaraq biz tamamilə yeni nəqlolunma infrastrukturunu Rumıniya ərazisində yaratdıq. Həmçinin Bolqarıstan və Macarıstanla müvafiq qaydada interkonnektorların daha da təkmilləşdirilməsini tamamladıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında məlumat verib.
O qeyd edib ki, Rumıniyanın transqaz şirkəti Yunanıstan, Bolqarıstan və Macarıstanda olan qaz nəql sistemi operatorları ilə öz səylərini birləşdirərək şaquli dəhlizin inkişafına çalışdı. Beləliklə 2022-ci ilin dekabrında dörd şirkətlə imzalanmış Anlaşma Memorandumu Cənubi və Mərkəzi Avropa arasında Rumıniya vasitəsilə qaz axınının iki istiqamətə getməsini təmin edəcəkdir. Rumıniya Prezidentinin sözlərinə görə, bu da öz növbəsində bütöv bir regionun enerji təhlükəsizliyinə töhfə verəcəkdir.
“2022-ci ilin yanvar ayında Rumıniyanın nəql məsələsi ilə məşğul olan operator sərmayələri yatıraraq Transbalkan qaz boru kəmərini məhz əks axın istiqamətində istismara verdi. Bu da Azərbaycandan Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə qaz həcmlərinin alternativ təchizat marşrutudur və həmçinin digər bazarlara çıxışı da təmin edir”, - deyə Klaus Yohannis diqqətə çatdırıb.
Həmçinin Rumıniya üçün digər vacib bir layihəni qeyd edən K.Yohannis deyib:
“Bu da bizim strateji tərəfdaşlarımıza aiddir, Moldovaya aiddir. Çünki Kişineu paytaxt şəhərinə məhz qazın təchizatına gəldikdə, bizim razılaşmamız 2020-ci ilin oktyabrında oldu. Bu, əslində Moldovanın illik istehsalını təmin etməyə əlavə imkanlar yaradacaq. Bütün bu davamlı səylər və Rumıniyanın yatırdığı sərmayələr yekun olaraq Cənub Qaz Dəhlizinin yeni bazarlara Cənubi, Şərqi və Mərkəzi Avropada genişləndirilməsinə imkan yaradır. Bu, əslində hər iki tərəf üçün çox uduşlu vəziyyətdir. Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir”.