Rusiya XİN rəhbəri: “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”
“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Rusiya XİN rəhbəri vurğulayıb, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır:
“Təbii ki, orada ayrıca qeyd olunub ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Hazırda hərbçilərimiz bu məlumatları araşdırırlar”.