Britaniya hökumət üzvləri təqib olunur: avtomobillərində Çinə məxsus izləmə cihazı tapılıb
- 8-01-2023, 09:33
- Siyasət
Böyük Britaniya hökumət üzvlərinin və yüksək rütbəli diplomatların istifadə etdiyi avtomobillərdən birində Çinə məxsus izləmə cihazı tapılıb.
Cihazın olduğu yer haqqında məlumat ötürdüyü bildirilir.
Bu barədə Britaniyanın “i” qəzeti məlumat verib.
Məlumata görə, krallığın kəşfiyyat orqanlarındakı mənbələr hesab edirlər ki, Çin istehsalı olan belə cihazların avtomobillərdə yerləşdirilməsinin arxasında Çin kəşfiyyatı dayanır.
“i” nəşri bununla bağlı Britaniya əks-kəşfiyyat rəsmisinə istinad edir. Əks-kəşfiyyat rəsmisi nəşrə bildirib ki, Londonda artan casusluq qorxusu səbəbindən avtomobillər diqqətlə yoxlanılıb və “hissə-hissə araşdırılıb”. Nəticədə SİM-kart aşkar olunub ki, bu kartın olduğu yerin koordinatları barədə məlumat ötürdüyü məlum olub.
“Bu, uzun aylar və illər ərzində hökumət haqqında məlumat toplamaq, müntəzəm şəkildə hərəkətləri izləmək imkanı verir və davam edən fəaliyyətin müfəssəl mənzərəsini yaradır”, - deyə mənbə qeyd edib.
Əvvəllər krallığın təhlükəsizlik xidmətlərində çalışmış nəşrin digər mənbəsi isə hesab edir ki, Britaniya nazirlərinin hara getdikləri ilə bağlı məlumatı təkcə Çin deyil, Rusiyanın xüsusi xidmət orqanları da ala bilər.