Главная > Manset / Dünya > Ermənistan yezidiləri kürdləşməyə qarşı çıxır, həbs edilənlər var
Ermənistan yezidiləri kürdləşməyə qarşı çıxır, həbs edilənlər var4-10-2023, 13:00. Разместил: azadses |
“Yezidi fəallar Ermənistanın Armavir rayonunun Aknalic kəndində yerləşən ziyarətgahda həbs ediliblər". “Report” xəbər verir ki, bu sözləri Moskva sakini Manvel Mamoyan Ermənistanın “Hraparak” nəşrinə videomüsahibəsində bildirib. Onun sözlərinə görə, insidentə səbəb İraqdan gələn, kürd olduqlarını bildirən yezidilərin məbəddən çıxarılması olub. Bildirilib ki, "onların səfərlərinin məqsədi bayramda iştirak etməkdən çox, yezidiləri öz dinlərinə çevirmək üçün təbliğat olub. Onlar məbəddə ciddi təbliğat aparmağa qərar verdilər, biz isə onların qarşısını aldıq”. İnsident yezidilərin müqəddəs günü Mələk Taus (Tovuz quşu) həsr olunmuş bayramda yaşanıb. M.Mamoyan kürdlərin Ermənistana keçməsinin qarşısını almaq üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib: “Ölkənin təhlükəsizliyinə görə bir çoxlarına qadağa qoyulub”. “İraqdan Ermənistana yezidilərlə heç bir əlaqəsi olmayan insanlar gəlib. Milliyyətcə yezidi olsalar da, dinimizdən olmadıqlarını bildirirlər. Üstəlik, hətta yezidilərin millət deyil, din olduğunu deyirlər. Onların dünya yezidi kürdlərini “yezidilik” adlı yeni bir əqidə altında toplamaq planı var. Təəssüf ki, Laleşdə məcburi kürdləşdirmə siyasəti aparıldığı kimi, Ermənistanda da bunu etmək istəyirlər. Mələk Tovuza həsr olunmuş bayram onlar üçün öz küfr təbliğatlarını yaymaq üçün yaxşı fürsət oldu”, - deyə fəal Mamoyan bildirib. Onun sözlərinə görə, bütün dünyada yezidilər tərəfindən rədd edilən İraq yezidilərinin lideri Hazem Tahsin Bəy Aknalicdə dinini qəbul etmiş “yezdi kürdləri”nə rəhbərlik edib. Mamoyanın sözlərinə görə, Hazem Bəy yezidilərin iradəsinə zidd olaraq Kürdüstanın regional hakimiyyət orqanları tərəfindən İraq yezidilərinin lideri təyin edilib: “Xeyli sayda kürd casusu Hazem Bəyin rəhbərliyi ilə Ermənistana gəlib. Onların Ermənistanda yaşayan yezidiləri təbliğ etmək məqsədi ilə Aknalicə gələcəklərini öyrənərək, xainlərin içəri girməməsi üçün fəallarla etiraz aksiyası, itaətsizliyə çağırışlar təşkil etdik və ərazini mühafizə etdik. Və bizim “Kürdləşməyə qarşı” aksiyamızdan xəbər tutan Ermənistan polisi onların ziyarətgaha daxil olmasını qadağan etmək əvəzinə, qardaşlarımız yezidiləri həbs edib. Yeri gəlmişkən, məbədi tikən xeyriyyəçinin oğlu Roman Sloyan erməni polisinə göstəriş verirmiş. Özü şəxsən həbs göstərişini polislərə vermiş və yezidlərin ərazidən uzaqlaşdırılmasında fəallıq göstərib. O da kürdləşdirilmiş yezidlərin tərəfindədir”. Manvel Mamoyanın fikrincə, Hazem Bəyin səfəri bir neçə təhlükəni ehtiva edir: burada yaşayan yezidilərin birliyini pozmaq, onları parçalamaqla idarə etmək mümkün etmək. Bununla da, onların beyinləri asanlıqla yuyulması və yeni bir dinə yer açılması hədəf götürülüb. Ən təhlükəlisi isə onlardan sonradan kürd-türkyönlü layihələr üçün istifadə etməkdir. Hazem Bəyin arxasında duran kürd siyasi qüvvəsi İraq yezidilərini zorla “kürd yezidiləri”nə çevirir. Növbə Ermənistanda, Gürcüstanda, Rusiyada yaşayan yezidilərə çatıb. O, Ermənistan parlamentinin deputatı Rüstəm Bakoyanın da kürdlərin maraqlarını qoruduğunu istisna etmir. “Mən Rüstəmi şəxsən çoxdan tanıyıram. O, kasıb oğlan idi. İndi isə o lüks həyat yaşayır. Millət vəkili kimi aldığı maaşla İraqda dəbdəbəli həyat qura, biznes qura bilməzdi. İraq kürdləri isə heç kimi özlərinə yaxın buraxmayacaqlar, əvəzində xidmət göstərməklərini tələb edəcəklər. Məndə Bakoyanın yezidilərin kürdləşdirilməsi layihəsinə cəlb olunması ilə bağlı faktlar yoxdur, lakin onun İraqda çiçəklənən biznesinə və həyat keyfiyyətinin sürətlə artmasına görə, onun onlarla birlikdə olduğunu güman edirəm”, - deyə Mamoyan bildirib. Ermənistan Yezidilərin Milli Birliyinin prezidenti də hadisə ilə bağlı öz narahatlığını bildirib. Xıdr Hajoyan videomüraciətində yezidilərə şəxsiyyətlərini itirməməyə çağırıb. O, həmçinin öz köklərinə sadiq qalacaqlarını açıqlayıb və dünyadakı yezidilərə müraciət edib: "Hamı bilsin ki, biz Hazem bəyin yezidilərin lideri kimi qəbul etmirik, çünki o, kürd siyasətinin xidmətçisidir". Вернуться назад |