Türkiyə parlamenti qaz qovşağının fəaliyyəti ilə bağlı ilk qanunvericilik qərarlarını qəbul etdi
- 8-04-2023, 14:51
- İqtisadiyyat
Türkiyə parlamenti beynəlxalq qaz ticarəti mərkəzinin, qaz qovşağının fəaliyyəti üçün zəruri olan qanunvericiliyə dəyişiklik prosesinə başlayıb.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “CNN Türk” telekanalına müsahibəsində deyib.
“Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçib. Bu qərarlar sayəsində “Botaş” (Türkiyə neft-qaz şirkəti) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Qaz ticarəti mərkəzinin açılması ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək”, - deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, respublika qazın Avropaya nəqli və satışı üzrə digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Xüsusən də bununla bağlı Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.
Dönməzin sözlərinə görə, Türkiyə ildə təxminən 100 milyard kubmetr qaz almaq imkanına malikdir ki, bunun 60 milyard kubmetrini özü istehlak edir, 40 milyardını isə qonşu ölkələrə sata bilər.