Əmanətlərin dollarlaşma səviyyəsi açıqlandı - RƏSMİ
- 15-03-2021, 17:00
- İqtisadiyyat / Manset
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, il ərzində kredit portfelinin dollarlaşması səviyyəsi 5,6 faiz bənd azalaraq 30,2 faiz təşkil edib.
Hazırda, biznes kreditlərinin 46 faizi, istehlak kreditlərinin 7,4 faizi, ipoteka kreditlərinin isə 0,8 faizi xarici valyutadadır. Bank sektorunun likvid aktivləri 10,5 milyard manat olmaqla bank sektorunun cəmi aktivlərinin 32,9 faizini təşkil edir. Sektorun ani likvidlik əmsalı 60,9 faiz təşkil etməklə minimum tələbi (30 faiz) iki dəfə üstələyir.
2020-ci il ərzində bank sektorunun cəmi öhdəlikləri 2,8 faiz (0,8 milyard manat) azalaraq 27,4 milyard manat təşkil edib (bağlanmış banklar nəzərə alınmadan 2020-ci il ərzində bankların cəmi öhdəlikləri 1,7 faiz artıb). Depozitlər cəmi öhdəliklərin 74 faizi həcmindədir ki, bunun da 40 faizi (8,2 milyard manat) əhalinin əmanətləridir.
Hesabat ilində əmanətlərin həcmində azalma (8 faizlik) sektordan kənarlaşdırılan banklarla bağlı olub. Bağlanan banklar nəzərə alınmadan əhalinin əmanətləri 2,9 faiz artıb.
Milli valyutanın məzənnəsində müşahidə olunan sabitlik əmanətlərin dedollarlaşma prosesinə də müsbət təsir göstərib. Bağlanmış banklar nəzərə alınmadan 2020-ci ildə əmanətlərin dollarlaşması 1,4 faiz bəndi azalaraq 51,3 faiz təşkil edib.