Главная > İdman > “Oyun təcrübəmiz yoxdur” - Qurban Qurbanov
“Oyun təcrübəmiz yoxdur” - Qurban Qurbanov17-08-2020, 13:53. Разместил: azadses |
Çempionlar Liqasının I təsnifat mərhələsində sabah Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə matç barədə fikirlərini bildirib: - Çox danışmağa ehtiyac yoxdu. Bir oyundan ibarət mərhələdi. Buna görə də çox diqqətli və məsuliyyətli olmalıyıq. Oyun təcrübəmiz yoxdu. Futbolçular pis hazırlaşmayıblar, hər şeyi gözəl dərk edirlər. Sabah meydanda yaxşı mübarizə olmalıdı. - Rəqibin oyununu necə təsvir etmək olar? - Əsas son iki oyuna baxmışıq. Topla oynamağı sevən komandadı, öz oyun üslubu var. Burda hansı oyunu göstərəcəklərini deyə bilmərik. Diqqətli olmalıyıq. - Stadionda sanki ot örtüyü ilə bağlı problem var? - Bir az problem var. Bu aylarda belə olur. Yenə də stadion işçiləri çalışacaqlar ki, oyuna qədər daha yaxşı vəziyyətə gətirsinlər. - Yeni futbolçuların adaptasiya prosesi necə gedir? - Normaldı. Qəbələdə özlərini yaxşı tərəfdən göstərdilər. Hər biri peşəkar futbolçudu. Ancaq 3-4 rəsmi oyun keçirməsələr, komandaya faydaları haqda danışa bilmərik. Təcrübəli oyunçulardı, ümid edirəm ki, tez bir zamanda tam uyğunlaşacaqlar. - Həmişə rəqibə ciddi yanaşmısız. Ancaq “Sileks”lə bağlı elə təəssürat yaradılıb ki, çox zəif komandadı. Yəqin ki, futbolçular da belə məqamlardan xəbərdardı. Belə məqamda futbolçuları kökləmək nə dərəcədə çətindi? - Bəli, həmişə hər bir rəqibə ciddi yanaşmışıq. Bu turnirdə zəif komanda olmur. Futbolçular neçə illərdi bu təcrübəni yaşayırlar. Əvvəlki illərdə belə yanaşmalar ola bilərdi, amma hər zaman meydanda tam əksini görmüşük. Rəqib zəif deyil, ciddi yanaşırıq. Sürətli futbolçuları var. İnanmıram ki, futbolçularım belə reaksiya versinlər. - Azarkeşsiz olsa belə, doğma meydanda oynayacaqsız, avrokubok təcrübəsi var və s. Bunlar “Qarabağ”ın xeyrinə olan məqamlardı. Bəs “Sileks”in xeyrinə hansı amillər var? - Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna böyük əhəmiyyət verir. Bizim ev oyunlarında üstünlüyümüz həmişə azarkeş amili olub. Bu da rəqib üçün çətinlik yaradıb. Azarkeşsiz oynamağımız rəqibin üstünlüyüdü. Amma bu situasiyaya uyğunlaşmalıyıq. - Emil Balayevi tanıyırıq, Gerye daha əvvəl oynayıb komandamızda, Medina və Matiç isə yeni qoşulub. Onları meydanda görə bilərikmi? - Yəqin ki, bu futbolçular oynayacaq. Ən gec qoşulanlardan biri Matiç idi. Amma təcrübəsi bəzi çatışmazlıqları aradan qaldırmağa kömək edəcək. - Rəqibin heyətində hansı futbolçuları təhlükəli hesab edirsiz? - Sağ və sol hücumçuları çox sürətlidi. Sağ cinah müdafiəçiləri çox yaxşıdı. İndividual olaraq yüksək səviyyəli. - Təkli oyunlarda psixoloji amil böyük rol oynayır və bu durumun nə qədər davam edəcəyi bəlli deyil. Bununla bağlı komandaya peşəkarları cəlb etmək fikriniz varmı? - Düşünürəm ki, ehtiyac yoxdu buna. Neçə illərdi bu turnirlərdə iştirak edirik. Məşqçi heyəti və rəhbərlik olaraq futbolçuların psixoloji sıxıntıya düşməməsinə çalışırıq. Вернуться назад |