Главная > Hadisə / Manset > Müəllimi və oğlunu döyən məktəbliyə hökm oxundu

Müəllimi və oğlunu döyən məktəbliyə hökm oxundu


21-04-2022, 16:17. Разместил: admin
Yevlax rayonunda müəllimi və onun oğlunu döyərək xəsarətlər yetirən məktəbliyə cinayət işi açılıb.

"Azadsəs.az"ın məlumatına görə, Yevlax şəhərindəki məktəblərdən birinin 9-cu sinif şagirdi, 2006-cı il təvəllüdlü Rza Bədəlovun (ad-soyad şərti) ötən il noyabrın 1-də Nizami prospektində yerləşən binanın həyətində musiqi müəllimi Səmayə Muradova və oğlu Zamiqi (ad-soyadlar şərti) döyərək xəsarətlər yetirməsinə görə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə iş açılıb.

Məlum olub ki, hadisədən bir neçə gün əvvəl Rza bacılarına müəllimin nəvəsi ilə oynamağı qadağan edib. Bundan sonra S.Muradova küçədə Rzanı görüb və ona irad bildirərək nə üçün nəvəsi barədə təhqiramiz ifadə işlətdiyini deyib. Nəticədə onların arasında mübahisə yaranıb. Evə gələrək hadisə barədə anasına danışan Rza daha sonra onunla birgə müəllimin yaşadığı binanın həyətinə gedib. Orada məktəblinin anası müəllimlə söhbət edərkən S.Muradovanın oğlu Zamiq mənzildən çıxaraq Rzanı uzaqlaşdırmaq istəyib. Məktəbli isə münaqişə yaradaraq qadına və oğluna təpiklə zərbələr endirib. Bu zaman S.Muradovaya məxsus 550 manat dəyərindəki telefon yerə düşərək sınıb. Rza daha sonra yaxınlıqdan keçən şəxsin əlindəki beli alaraq S.Muradova və oğluna yenidən xəsarətlər yetirib.

Yevlax Rayon Məhkəməsində açılmış cinayət işi üzrə proses keçirilib. Məhkəmədə Rza etdiyi hərəkətə görə üzr istədiyini deyib və peşman olduğunu bildirib.

S.Muradova isə məktəbli oğlanın etdiyi hərəkətə görə onu bağışlamadığını və cəzalandırılmasını istədiyini deyib.

Məhkəmə 15 yaşlı Rzanı qeyd edilən maddələr üzrə təqsirli bilib. Onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasının 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilməsinə qərar verilib.
Вернуться назад