Tacikistanda iki zəlzələ oldu: Təkanlar qonşu ölkədə də hiss edildi
Tacikistanın şərqində aprelin 7-də səhər tezdən yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnoz Monitorinq Mərkəzindən məlumat verilib.
Məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 02:48-də, 170 km dərinlikdə baş verib. Afterşok saat 04:42-də baş verib.
Hər iki təkanın maqnitudası 3,9 baldır. Coğrafi baxımdan zəlzələ Dağlıq Bədəxşan Muxtar Vilayətində baş verib.
Bundan başqa, qonşu ölkədə də yeraltı titrəyişlər qeydə alınıb. Belə ki, Qırğızıstan sakinləri təkanları səhər saat 07:56-da hiss ediblər.
Tacikistanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi hələlik respublika ərazisində zərərçəkənlər və dağıntılar barədə məlumat verməyib.
Xatırladaq ki, martın 23-nə keçən gecə Soqd vilayətində silsilə dağıdıcı zəlzələlər baş verib. Zəlzələlərin maqnitudası 3,9-6,0 bal arasında olub.
Təbii fəlakət zamanı 720-dən çox təsərrüfat zərər çəkib, 120-yə yaxın iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub.