Sabirabadda yük maşını su arxına aşdı: İran vətəndaşı öldü - YENİLƏNİB
Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı ölən şəxsin kimliyi məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi “Renault” markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
20:04
Sabirabadda yük maşını su arxına aşıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə Sabirabad rayonunun Səmədabad kəndində baş verib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı yük avtomobili yol kənarında su arxına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.