Füzulidə aptek işlədən koronavirus xəstəsinə cinayət işi açıldı
- 9-12-2020, 12:48
- Hadisə
Xəbər verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Rayon prokurorluğundan ''Azad Səs''-ə verilən məlumata görə, Füzuli rayon sakini 1980-ci il təvəllüdlü Əliyev Barat Əlyar oğlu “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl eyməyib.
O, həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk edərək rayonun Bala Bəhmənli kəndi ərazisində icarə əsasında işlətdiyi aptekə gedib ayrı-ayrı şəxslərə dərman satışını həyata keçirməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.