Главная > Dünya / Manset > Türkiyənin Rusiya ilə əməkdaşlıq üçün yeni bank yaratma planı onu sanksiya hədəfinə çevirir?-AÇIQLAMA
Türkiyənin Rusiya ilə əməkdaşlıq üçün yeni bank yaratma planı onu sanksiya hədəfinə çevirir?-AÇIQLAMA2-10-2022, 14:52. Разместил: admin |
Bir neçə gün əvvəl Türkiyənin dövlət bankları Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırdı. Ötən gün isə Rusiya-Türkiyə Biznes Şurasının direktoru Aleksey Yeqarmin Türkiyənin “Mir” ödəniş sisteminin kartları ilə işləmək üçün yeni bank və ya hesablaşma mərkəzi yaratmağı planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, bu bank Avropa İttifaqı (Aİ) və ABŞ-ın sanksiya təzyiqindən asılı olmayacaq. Bundan əlavə, bankın sanksiyalardan yayınmaq üçün blokçeyn hesablaşmaları və ya qapalı klirinqə əsaslanan xüsusi sistem yaradacağı da diqqətə çatdırılıb. Maraqlıdır, Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməsi hazırkı vəziyyətdə onu hədəf taxtasına çıxara bilər? Türkiyəyə də iqtisadi sanksiyalar tətbiq edilə bilərmi? Həmçinin Rusiya-Türkiyə əlaqələrinin inkişafı Azərbaycana nə kimi müsbət və ya mənfi təsirlər göstərəcək? Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli yaxın gələcəkdə Türkiyəyə hər hansısa sanksiyanın tətbiq ediləcəyinə düşünmür: “Çünki faktiki olaraq Avropanın özü də Rusiya ilə əlaqələr saxlayır. Oradan əmtəə, qaz, neft, meşə və metal məhsulları alırlar. Yəni Rusiya ilə bütün əlaqələri kəsməyiblər ki, digər ölkələrdən də bunu tələb etsinlər. İndiki məqamda Türkiyəyə sanksiya tətbiq etmək Türkiyəni Rusiyanın yanına itələməkdir. Qərbin isə belə bir arzusu ola bilməz. Sadəcə məsələ ondan ibarətdir ki, Türkiyə Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirir. Lakin rus turistlər gəlib Türkiyədə pul xərcləməkdə çətinliklərlə qarşılaşırlar, ödəniş edə bilmirlər. Ona görə də birgə bank yaradıb məsələni bu şəkildə tənzimləmələri başadüşüləndir. Çünki Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək yox, yaxşılaşdırmaq niyyətindədir. Təbii ki, bu səbəblə müəyyən dərəcədə sıxışdıracaqlar, təzyiq edəcəklər. Çinə də təzyiq edirlər. Amma ölkələrin siyasətləri də bu təzyiqləri neytrallaşdırmağa istiqamətlənir”. Ekspert sanksiyaların tətbiq ediləcəyi təqdirdə lirənin ciddi dəyər itirəcəyini vurğulayıb: “Türkiyənin xarici ticarətində Avropa mühüm rol oynayır, demək olar ki, üçdəbiri paya sahibdir. Bu baxımdan Qərbin sanksiyaları həm özlərinə, həm də Türkiyə iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər, çünki təsir birtərəfli olmur. Amma Türkiyənin Mərkəzi Bankının siyasətində lirənin məzənnəsi diqqət mərkəzində deyil, əsasən, iqtisadi artıma yönələn bir siyasət yürüdürlər. Yəni lirəni stabil saxlamaq və ya bahalaşdırmaq kimi niyyətləri yoxdur”. Müsahibimiz Rusiya-Türkiyə əlaqələrinin inkişaf etməsinin Azərbaycana həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən maraqlı olduğunu bildirib: “Yəni bütün aspektlərdə bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması bizə fayda verir. Ən azından Zəngəzur dəhlizi ilə bu ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək, tranZit imkanlarımızı yaxşılaşdırmaq kimi hədəfimiz var”. Вернуться назад |