Macarıstanlı politoloq: “Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi rolu artacaq”
- 16-02-2023, 17:23
- Dünya
“Azərbaycan təkcə yer altından çıxarılan təbii sərvətlərin, indi isə yaşıl enerji resurslarının tədarükçüsünə çevrilmir, həm də onun rolu xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Şərqlə Qərb arasında mühüm logistika mərkəzi kimi getdikcə daha da artır”.
Bunu “Report”a açıqlamasında macarıstanlı politoloq Zoltan Kisçelli deyib.
Onun sözlərinə görə, qloballaşma nəticəsində iqtisadi artım Şərqə, ilk növbədə Asiyaya doğru yönələcək:
“Resurslara malik olan və Çinin yeni İpək Yoluna daxil olan Orta Dəhliz marşrutu üzərində yerləşən Azərbaycan əhəmiyyətli potensiala malik, yaxşı inkişaf edən bu regionun bir hissəsidir”.
Politoloq əlavə edib ki, Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçidir və bu, Azərbaycan daxil olmaqla, üzv ölkələrlə sıx əlaqələr deməkdir.
Z.Kisçellinin sözlərinə görə, onun ölkəsində avtomobil sənayesi yaxşı inkişaf edib və Macarıstan Almaniyanın hər üç aparıcı avtomobil nəhənginin - “Audi”, “Mercedes-Benz” və BMW-nin - təmsil olunduğu üç ölkədən biridir:
“Avtomobil və avtomobil akkumulyatorlarının istehsalı üçün böyük miqdarda enerji resursu tələb olunur. Buna görə də elektrik enerjisinin ixracı üçün nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan sualtı kabel xətti avtomobil sənayesi üçün əlavə mənbəyə çevriləcək”.
O deyib ki, elektrik kabelindən əlavə, Macarıstanın telekommunikasiya şirkətlərini maraqlandıran kommunikasiya xətti də çəkiləcək.
“Azərbaycan Rusiyaya səfərlər üçün tranzit mərkəzə çevrilir. Buna görə də Macarıstanın “WizzAir” aviaşirkəti Budapeşt və Bakı arasında uçuşların sayını artırmaq istəyir”, - Z.Kisçelli əlavə edib.
Ekspert qeyd edib ki, Azərbaycanda təmsil olunan Macarıstanın MOL şirkəti enerji resurslarını Türkiyə vasitəsilə Macarıstana çatdırmaq yolu ilə əhalinin və sənayenin tələbatını ödəmək, həmçinin Rusiya təbii qazından asılılığı azaltmaq üçün Azərbaycanda istehsal gücünü artırmaq istəyir:
“Macarıstan həm də İpək Yolunun bir hissəsidir. Buna görə də müharibə səbəbindən Azərbaycan ərazisindən keçən Orta Dəhliz getdikcə aktuallaşır. Macarıstan isə Asiya ilə ticarət əlaqələrində müharibədən zərər çəkmiş ərazidən yan keçmək üçün bu marşrutdan istifadə etmək istəyir”.