Rusiya İranın ən böyük xarici sərmayəçisinə çevrilib
- 30-01-2023, 11:39
- Dünya
Rusiya son 15 ayda İrana 2,7 milyard dollar sərmayə qoyub.
Bu barədə İranın İqtisadi və Texniki İnvestisiya Yardımı Təşkilatının sədri Əli Fəkri məlumat verib.
Onun sözlərinə görə, bu məbləğ göstərilən dövr ərzində ölkəyə yatırılan bütün xarici sərmayələrin 45%-ni təşkil edib.
“Beləliklə, Rusiya son 15 ayda İranın ən böyük xarici sərmayəçisinə çevrilib”, - deyə rəsmi şəxs vurğulayıb.
O bildirib ki, Rusiyanın investisiyaları əsasən İlam əyalətində İranın iki neft layihəsinə yönəldilib. Fəkri sərmayələrin “dünya standartlarına uyğun” yatırıldığı qeyd edib.
Bundan əlavə, İran iqtisadiyyatına əhəmiyyətli sərmayələr Türkiyə, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstan tərəfindən qoyulub.
Bütövlükdə, son 15 ay ərzində İran iqtisadiyyatına 5,95 milyard dollar birbaşa xarici investisiya daxil olub. Halbuki, ölkənin hədəfi 10,2 milyard dollar olub.