Türkiyə Gürcüstanın ordusuna müxtəlif növ texnikalar təhvil verib
Türkiyə hökuməti aviasiya və hava hücumundan müdafiə imkanlarının artırılması məqsədilə Gürcüstan Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar verib.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Marneuli aviabazasında baş tutan tədbirdə Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze və Türkiyənin Gürcüstandakı səfiri Əli Kaan Orbay iştirak ediblər.
“Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına Türkiyə tərəfdən iki xüsusi aerodrom texnikası və UH-1H helikopterləri üçün ehtiyat hissələri pulsuz çatdırılıb.
Avadanlıqların ötürülməsi Türkiyə Respublikası ilə hərbi-maliyyə əməkdaşlığına dair saziş çərçivəsində həyata keçirilib. Gürcüstan və Türkiyə uzun illərdir ki, müdafiə sektorunun müxtəlif sahələrində sıx əməkdaşlıq edir”, - məlumatda deyilir.