Главная > Cəmiyyət > BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək
BTQ-nin icraçı direktoru: Təzyiqlər heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək3-12-2024, 09:43. Разместил: azadses |
Müstəmləkəçilik əsarəti altında olan regionlar Azərbaycana ümid qapısı kimi baxırlar. Bunu BMT-nin Nyu-Yorkdakı qərargah binasında Afrika əsilli şəxslərin hüquqları üzrə ekspertlərin işçi qrupunun 35-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Report”un ABŞ bürosuna açıqlamasında söyləyib. A.Abbasov BTQ-nin ötən illər ərzində əldə etdiyi uğurlardan və müstəmləkəçilik siyasəti əsarəti altında qalan regionların azadlığı üçün həyata keçirdiyi layihələrdən danışıb: “BTQ 2023-cü ilin iyul ayında müstəmləkəçilik siyasəti əsarəti altında qalan regionların milli müstəqillik hərəkatlarının qərarı ilə yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilatımız yarandığı gündən 20-dən çox beynəlxalq tədbir keçirib və hesabatlar dərc edərək aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib. Sonuncu dəfə BMT-nin İnsan Hüquqları Komitəsinə Yeni Kaledoniya və Fransız Polineziyasında baş verən hadisələrlə bağlı Fransanın müstəmləkəçilik siyasətinə dair hesabat hazırlayıb təqdim etdik. Bu hesabatdan sonra mən BMT-nin Cenevrədəki qərargahında çıxış etdim. Bunun nəticəsində BMT-nin İnsan Hüquqları Komitəsi son 10 ildə ilk dəfə olaraq Fransa hökumətindən hesabat tələb etdi. Fransa Yeni Kaledoniyada baş verən eskalasiya və Fransız Polineziyasında mövcud vəziyyətlə bağlı hesabat hazırlamaq, həmçinin Yeni Kaledoniya və Martinikdə əlavə ordunun istifadəsi ilə əlaqədar insan hüquqlarına dair hesabat təqdim etmək öhdəliyi götürdü. Bu, Bakı Təşəbbüs Qrupunun növbəti uğurlarından biri idi”. O, beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin artıq Fransadan hesabat tələb etməyə başladığını vurğulayıb. “Bu gün isə biz BMT-nin qərargahında Afrika əsilli xalqların hüquqlarını müdafiə edən ekspertlərin işçi qrupunun 35-ci sessiyasında qonaq qismində iştirak edirik. Bu təşkilat BTQ-nu sessiyada iştirak etməyə dəvət edib. Mən burada bəyanatla çıxış edərək, müstəmləkəçilik siyasəti əsarəti altında olan regionlara BTQ-nin açıq dəstəyini ifadə etdim və Afrika əsilli xalqlarla əməkdaşlıq haqqında məlumat verdim”, – o qeyd edib. Abbasov BTQ-nin fəaliyyəti çərçivəsində qarşılaşdığı maneələrdən də danışıb: “Təbii ki, zaman-zaman təşkilatımıza müəyyən dərəcədə təzyiqlər olur. Dəfələrlə iştirakçılarımıza müxtəlif təzyiqlərin edildiyini müşahidə etmişik. Lakin bu, heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək. Biz keçən il olduğu kimi bu il və növbəti illərdə də beynəlxalq tədbirlərimizi keçirməyə davam edəcəyik. Beynəlxalq səviyyədə sözümüzü deməklə müstəmləkəçilik siyasəti əsarəti altında olan ölkələrdəki vəziyyəti daha geniş auditoriyaya çatdırırıq. Bununla yanaşı, təşkilatımız mövcud problemlər çərçivəsində hesabatlar hazırlayır və araşdırmalar aparır. Bu da mövcud vəziyyətlərə dair konkret faktların ortaya çıxmasına kömək edir”. O, BMT-nin BTQ-nin fəaliyyətlərinə göstərdiyi dəstəkdən də bəhs edib: “BTQ-nin keçirdiyi beynəlxalq tədbirlərin 5-i BMT-nin qərargahlarında baş tutub. Biz BMT-nin dekolonizasiya üzrə C-4 və C-24 komissiyaları ilə sıx əməkdaşlığa başlamışıq. Bu əməkdaşlıq nəticəsində Yeni Kaledoniya, Fransız Polineziyası və Martinikin nümayəndələri C-4 və C-24 komitələrinə öz regionlarındakı vəziyyətlə bağlı məlumat veriblər. Həmçinin BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları Komitəsi ilə də əməkdaşlıq edirik. Bu platformalar BTQ üçün beynəlxalq səviyyədə səsimizi çatdırmaq üçün geniş imkanlar təqdim edir”. A.Abbasov vurğulayıb ki, müstəmləkəçilik əsarəti altında olan regionlar artıq Azərbaycana ümid qapısı kimi baxırlar: “Ölkəmizə və təşkilatımıza rəğbət Azərbaycanın 4 il ərzində Qoşulmama Hərəkatına sədrliyi dövründə daha da artdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın ana prinsiplərinə uyğun fəaliyyət göstərməsi bu rəğbəti artırdı. Qoşulmama Hərəkatı dekolonizasiya üçün yaradılmış beynəlxalq təşkilatdır və Azərbaycan həmin prinsiplərə uyğun olaraq müstəmləkəçilik əsarəti altında olan regionlarla sıx əməkdaşlıq etdi. Bu əməkdaşlığın nəticəsində Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu ölkələrin Azərbaycana rəğbəti böyükdür və hər keçən gün artır”. Вернуться назад |