Главная > Cəmiyyət / Manset > Repetitorlar məktəbləri yersiz edirlər? - “Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır” + FOTO
Repetitorlar məktəbləri yersiz edirlər? - “Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır” + FOTO20-08-2022, 16:39. Разместил: admin |
“Hər birimiz öz övladımızın təhsil almasında maraqlı olmalıyıq. Övladlarımızı imtahanla sınağa çəkməməliyik. İmtahanı yersiz hesab edirəm”. Bunu birinci sinfə qəbul olunacaq uşaqların repetitor yanına getməsi ilə bağlı Oxu.Az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib. Xatırladaq ki, məktəblərdə birinci siniflərə qəbul imtahanı keçirilir. İmtahandan keçə bilməyən şagird kənarda qalır. Valideyn də məcbur olub, uşağı repetitor yanına qoyur ki, övladı imtahan prosesindən keçə bilsin. Əvvəlki dövrlərdə uşaqlar məktəbə imtahansız qəbul olunurdular. Yəni uşağa oxumağı, yazmağı məktəb öyrədirdi. İndi isə tam fərqli mənzərə yaranıb. Uşaq məktəbə tam hazır vəziyyətdə gedir. Əvvəllər repetitor yanına yuxarı siniflərdə gedirdilərsə, indi ibtidai, hətta birinci sinif şagirdi olmayan uşaqlar da gedirlər. Maraqlıdır, bu nədən irəli gəlir? Məsələnin kökü təhsilin zəifliyindəmi dayanır, yoxsa başqa amillər var? Ş.Əsgərovun sözlərinə görə, birinci sinfə gedəcək uşağın imtahan verməsi ağılsız addımdır: “Güman edirəm ki, hər bir dövlət öz uşağının, gəncinin təhsil almasında maraqlı olmalıdır. İmtahanı yersiz hesab edirəm. Birinci sinifə daxil olmaq üçün uşaqlar imtahan verməməlidirlər. Müharibə şəraitində böyümüş uşaqları yenidən imtahan edib, birinci sinfə götürmək çox ağılsız bir şeydir. Bununla razı deyiləm. Uşaqlar imtahan edilməməlidirlər. Onlar məktəbdə müəllimdən öyrənməlidirlər, repetitordan yox”. Bəs övladını birinci sinfə hazırlayan və artıq bu illəri geridə qoyan valideynlər bu barədə nə düşünürlər? Övladını birinci sinifə hazırlayan valideyn Nabat Quliyevanın sözlərinə görə, imtahandan keçmək üçün məcbur qalıb o da uşağını repetitor yanına qoyub: “Qızım Nuray bu il birinci sinfə getməlidir. Bunun üçün bir il öncə onu məktəbəhazırlıq qruplarına qoydum. Əlavə olaraq dil fənləri üzrə də repetitor yanına apardım. İmtahandan keçməsi üçün ona çox kömək oldu. Nuray artıq birinci sinfə tam hazırdır. Məktəbdə dərslərindən çətinlik çəkməyəcəyini düşünürəm”. N.Quliyeva qeyd edib ki, məktəb getmədən öncə uşağın hazırlaşması ona çox kömək olur: “Düzdür, əvvəllər belə deyildi. Uşaqlar dərslərini məktəbdə öyrənirdilər. Lakin indi dövr dəyişib. Biz də ona uyğunlaşmağa çalışırıq. Övladlarımızın savadlı olması üçün əlimizdən gələni edirik. Düşünürəm ki, məktəbə getmədən öncə hazırlıq prosesi uşağa çox kömək olur”. Övladlarını illər öncə birinci sinfə hazırlayan valideyn Elşad Qarayev isə əlavə edib ki, uşaq oxumağı, yazmağı məktəbdə öyrənməlidir: “İki övladım var. Biri 10-cu, digəri 7-ci sinfi bitirib. Məktəbə getməmişdən öncə mən onları repetitor yanına qoymamışam. İlk öyrəndikləri məktəbdən olub. Yuxarı siniflərdə repetitor yanına gediblər. Bunu inkar edə bilmərəm”. E.Qarayev qeyd edib ki, repetitor yanına gedən uşaqlar üçün artıq məktəb maraqsız olur: “İndi məktəbəhazırlıq qrupları yaradılır. Valideynlər uşaqları həmin qrupla yanaşı, əlavə müəllim yanına da qoyurlar. Bu, düzgün deyil. Uşaqları rahatlığa alışdırırlar. Uşaq məktəbə nəyə görə getdiyini bilməlidir. Hazır şəkildə gedən uşaq üçün artıq məktəb mənasız olur. Bu tendensiya aradan qaldırılmaldır”. Вернуться назад |