Главная > Cəmiyyət / Manset > Üç ölkə prezidenti İlham Əliyevi təbrik etdi
Üç ölkə prezidenti İlham Əliyevi təbrik etdi1-06-2022, 20:13. Разместил: admin |
Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bununla bağlı Prezident.az məlumat yayıb. Məktubda deyilir: “Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin rifahı və dost Azərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı çatdırıram. Ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmətin və sıx dostluq münasibətlərinin davamlı inkişafını görmək çox xoşdur. İqtisadiyyat və turizm sahələrində əldə edilmiş nəticələr, apardığımız yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma iqtisadi əlaqələrimizin dərinləşməsi üçün yaxşı zəmin yaradır. Əminəm ki, Monteneqro və Azərbaycan öz məqsədyönlü siyasətləri ilə regional və beynəlxalq səviyyələrdə getdikcə dərinləşən problemlərin həllinə bundan sonra da töhfələrini verəcəklər. Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul edin”. Eyni zamanda, Albaniya Respublikasının Prezidenti İlir Meta da dövlət başçısına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Milli bayramınız - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ürəkdən gələn səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Bu əlamətdar gündə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin yüksək səviyyədə inkişafını qeyd etməkdən çox şadam. Həmçinin bildirmək istəyirəm ki, bizim birgə səylərimiz və iştirakımızla ikitərəfli əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf edəcək və güclənəcəkdir. Məni iyun ayında ölkənizə səfərə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bu xoş fürsətdən istifadə edərək, TAP və İAP layihələrinin Albaniyada uğurlu icrasına göstərdiyiniz dəstəyə görə bir daha təşəkkür edirəm. Xüsusilə bu gün Avropada təhlükəsizliyə, sabitliyə və sülhə açıq təhdidlərin olduğu bir vaxtda bu layihələr daha böyük əhəmiyyət kəsb edir. Çünki bu layihələr ölkəmizi nəinki dünya enerji sisteminin mühüm seqmentinə, eləcə də regionun və Avropanın bu günü və gələcəyi üçün alternativ enerji mənbəyinə çevirib. Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycana və onun xalqına daha böyük inkişaf və firavanlıq arzulayıram. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”. Bundan başqa, Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu da Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda qeyd edilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırır, bütün sahələrdə tərəqqi və firavanlıq arzu edirəm. Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Yunanıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə dialoq və əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Hər iki xalqın və bütövlükdə regionun rifahına xidmət edən qarşılıqlı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyam. Milli bayramınız münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bir daha ifadə edirəm. Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”. Вернуться назад |