Главная > Cəmiyyət > “5 il əvvəl tarixi binamızın fundamentini qəsdən qazıb aşırdılar” - Foto
“5 il əvvəl tarixi binamızın fundamentini qəsdən qazıb aşırdılar” - Foto21-02-2022, 18:21. Разместил: admin |
“Düz 5 ildir ki, yaşamaq üçün yararsız olan binada qalırıq. Sakinlərin bəziləri köçüb getdilər. Biz isə hələ də burdayıq. Bizə yeni bina yox, bu qədim binanın yenidən təmir olunması lazımdır”. Bu şikayətlə “Azadsəs.az”a Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının sakinləri müraciət edib. Onların sözlərinə görə, 2017-ci ilin oktyabrında “FF-2011” MTK tərəfindən tikinti işləri getdiyi zaman həmin ünvanda yerləşən tarixi bina aşırılıb: “Qədim Dövlət Reyestrində olan binanın fundamentini qəsdən qazıb aşırıblar. Biz hazırda bu binada yaşayırıq. Başqa hara gedəcəyik ki?! İmkanı olan köçüb getdi. Biz hələ də bu yararsız binada yaşayırıq. Acınacaqlı vəziyyətdəyik. Tək istəyimiz onun yenidən təmir olunmasıdır. Bütün məhkəmə instansiyaları sakinlərin xeyrinə olsa da, “FF” MTK sahibi heç bir dövlət qurumunu saymır. Bundan əlavə, 5 ildir Prokurorluğun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində istintaq gedir. Yenə də heç bir nəticə yoxdur. Sakinlərə söz veriblər ki, binanı bərpa edəcəklər. Amma elə beş ildir bu sözü eşidirik. O şirkətin də lisenziyası alındığına görə, binanın tikinti işlərini tamamlaya bilmirlər”. Məsələ ilə bağlı “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ilə əlaqə saxladıq. Şirkətin rəhbəri “Qafqazinfo”ya bildirib ki, həmin binanın zədələnməsində onun günahı yoxdur: “Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Ondan sonra bütün sənədlərimi toplayıb inşaat pasportu aldım. Bütün sənədlərim qanuni və düzgündür. Ərazidə yeni yol və park qurulduğu üçün Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini özü apardı. Yəni mən orda söküntü işi aparmamışam. Binanın zədələnməsində də heç bir rolum yoxdur. O binada yaşayanlar necə zərər görüblərsə, mən də onlar kimi zərər çəkmişəm. Çünki həmin ərazidə tikdirdiyim binanın işləri 2019-cu ildə yarımçıq saxlanıldı. Həmin vaxtdan tikintiyə icazə verilmir. Zərər də mənə dəyir. Çünki mən banklardan kreditlər götürərək həmin ərazidən köçürdüyüm adamlara vermişəm. İndi xəcalət çəkirəm ki, camaat evindən olub, amma əlimdən heç nə gəlmir. Bu məsələlərdə heç bir günahım yoxdur”. Şirkətin rəhbəri əlavə edib ki, məhkəmə prosesi davam edir. Növbəti məhkəmə prosesi fevralın 23-də keçiriləcək. Вернуться назад |