Главная > Cəmiyyət > Erməni silahlılarının Qarabağdan çıxarılması prosesi gedir - Deputat AÇIQLADI
Erməni silahlılarının Qarabağdan çıxarılması prosesi gedir - Deputat AÇIQLADI10-02-2021, 16:51. Разместил: azadses |
"Bu gün noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə son qoymaq görünməmiş hadisədir". Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı: "Beləliklə nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi. Elə üçtərəfli bəyanatda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu proses sürətlə davam edir. Ən kritik və çətin mərhələ artıq arxada qalıb. Bu, noyabr ayının 10-dan sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində, dekabr ayının 1-nə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi". Millət vəkili qeyd edib ki, ikinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb: "Üçüncü Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terroristlərin təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də davam edəcək. Hazırda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcək. Önümüzdəki mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində fəaliyyət başlayacaq. Görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur". Вернуться назад |