"FƏRYAD"IN SƏSSİZ FƏRYADI
- 25-11-2020, 10:48
- Cəmiyyət
"Fəryad" bəlkə də Azərbaycan kinematoqrafiya tarixində yeganə film idi ki, ona baxmaq istəmədən baxırdıq. Zəif maddi-texniki imkanlarla çəkilsə də, hər epizodu qəlbimizin ən incə nöqtələrinə qədər sirayət edir, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin nə qədər qəbuledilməz olduğunu bizə açıq-aşkar nümayiş etdirirdi 1993-cü ildə çətin şəraitdə lentə alınan ekran işi haqqında danışarkən daha çox aktyor oyunu qabardılır, rəhmətlik Ceyhun Mirzəyevin, Məlik Dadaşovun möhtəşəm ifası xüsusi qeyd edilirdi. Başqa danışılası nəsə tapmaq çox çətin idi. Bir Azərbaycan kişisinin kişilik xüsusiyyətlərindən uzaq olan ermənilərin əlində əsir olması, onun çəkdiyi ağrı-acılar bizə 27 il idi ki, danışmağa heç bir əsas vermirdi. Sanki adi tamaşaçı da bu film haqda susmağa üstünlük verirdi. Azərbaycan filmlərinin demək olar ki, hər birində işlədilən ifadələr, sözlər sonradan xalq arasında dillər əzbəri olsa da, zərb-məsəllərə çevrilsə də "Fəryad" filmi haqqında hamı sadəcə olaraq susurdu. Filmi izləyərkən səssiz-səssiz ağlayan tamaşaçı nə danışa bilərdi ki? Axı bu film sənin məğlubiyyətini sənə göstərir, əlacsızlığını bir daha yadına salır, illərdir qanayan yarana duz basırdı. Filmin mövzusu belə Azərbaycan tamaşaçısına danışmaq haqqı vermirdi. Ta ki, 2020-ci ilin sentyabr ayının 27-nə qədər. Məhz bu tarixdən etibarən susan dillər açıldı, aşağı dikilen başlar qalxdı, başımızın üstünü alan qara buludlar seyrəldi və nəhayət yox oldu. Uzun illər əsir Qarabağımız kimi "Fəryad" filminə də baxış dəyişdi. Artıq bu filmə məğlub yox, qalib xalqın gözüylə baxılacaq. Vaqif Mustafayevin ssenari müəllifi, Ceyhun Mirzəyevin rejissoru olduğu filmin illərdir bizə necə ağır təsir etdiyini son zamanlar sosial şəbəkələrdə yayılan videolardan bir daha görmək olur. Hər dəfə Məlik Dadaşovun canlandırdığı "Armen Xaçaturyan" obrazının tükürpədici səslə "Ermənistan rəşadətli özünümüdafiə qüvvələrimiz qədim şəhərimiz olan Şuşanı aldı" deyərkən Azərbaycan xalqına vurduğu zərbənin nə qədər güclü olduğunu yuxarıda qeyd etdiyim qısa video roliklər bir daha sübut edir. "Fəryad" filmi də Xocalı soyqırımı kimi, əsir azərbaycanlıların başlarına gətirilən ağlasığmaz faciələr kimi öz qisasını gözləyirmiş. Nəhayət ki, bu qisas alındı. Artıq təxəyyül məhsulu olan "Armen Xaçaturyan" obrazından aldığımız qisas Zori Balayandan, Ter-Petrosyandan, Monte Melkonyandan, Robert Koçaryandan, Serj Sarkisyandan və digər terrorçulardan aldığımız qisasdan heç nə ilə fərqlənmir. Bir çox bloggerlər, aktyorlar, adi vətəndaşlar və hətta əsgərlər belə qeyd etdiyimiz epizodu əyani olaraq canlandırır və "Azərbaycanın müzəffər ordusu qədim şəhərimiz olan Şuşanı aldı" deməklə öz hirsini, acığını yağı düşməndən bir daha almış olur. Adi telefonla çəkilən bu kadrlar bizə PUA-ların ermənilərin başlarına od yağdırdığı əks olunan videolar qədər sevinc bəxş edir, ürəyimizdən tikan çıxarır. Sonda Şalaxo rəqsinin sədaları altında rəqs etmələri də həmin qisasa qoyulan son və yağlı bir nöqtədir. Bunu qalib ordunun əsgərlərinin etməsi isə başqa bir aləmdir. Allaha şükürlər olsun ki, qisasımız qiyamətə qalmadı və biz əsir torpaqlarımızda qətlə yetirilmiş soydaşlarımızın qisasını aldığımız kimi ruhumuzu və sındırılmış qürurumuzu da bərpa etməyi bacardıq. Bundan sonra "Fəryad" filmini qalib xalq kimi seyr edəcəyik. Bu film bizə məğlubiyyətimizi deyil, qələbəmizi xatırladacaq. O qələbəni ki, xalq olaraq qazanmışıq.
P.S. "Fəryad" filmi bir növ "Ögey ana" filminin davamıdır. Atası İsmayılı yol çəkməyə aparmadığı üçün uşaq için-için ağlayırdı. Lakin o, böyüdü. Yol çəkməyə yox, Vətənin yollarını düşməndən təmizləməyə getdi. Filmin davamını indi də çəkmək olar. İsmayılı döyüşə yola salarkən anasının qucağında ağlayan körpə uşaq. Qisası elə həmin körpələr almadımı?
ORXAN İSAYEV
AJB-nin üzvü
P.S. "Fəryad" filmi bir növ "Ögey ana" filminin davamıdır. Atası İsmayılı yol çəkməyə aparmadığı üçün uşaq için-için ağlayırdı. Lakin o, böyüdü. Yol çəkməyə yox, Vətənin yollarını düşməndən təmizləməyə getdi. Filmin davamını indi də çəkmək olar. İsmayılı döyüşə yola salarkən anasının qucağında ağlayan körpə uşaq. Qisası elə həmin körpələr almadımı?
ORXAN İSAYEV
AJB-nin üzvü