Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”
“Hazırda dünya alimlərinin qarşısında duran əsas vəzifələrdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”.
“Report” xəbər verir ki, bunu Fransanın Marsel şəhərində keçirilən “Human Brain Project Summit: 2023” tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev bildirib.
“İnsan Beyni Layihəsi” (Human Brain Project – HBP) barədə danışan akademik süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi ilə beyin problemlərinin həlli, beyin funksiyaları əsasında süni intellekt texnologiyalarının təkmilləşdirilməsinin və inkişaf etdirilməsinin layihənin əsas məqsədlərindən olduğunu deyib.
“Avropa Komissiyası 10 ildə layihəyə 607 milyon avro vəsait ayırıb, nəticədə 16 ölkənin 150 institutundan 500-ə yaxın alimin 2 500-dən çox elmi məqaləsi çap edilib. Sammitin keçirilməsində əsas məqsəd layihə çərçivəsində aparılan tədqiqatların, əldə olunan yüksək elmi nailiyyətlərin cəmiyyətə verdiyi töhfələrin müzakirəsi olub. Tədbirdə EBRAINS Tədqiqat İnfrastrukturunda mövcud olan qabaqcıl xidmətlər və müasir texnologiyalar, beyin tədqiqatlarında ən son innovasiyalar, Avropada süni intellektə əsaslanan texnologiyalar sahəsində əldə edilmiş bir sıra nailiyyətlərə nəzər salınıb, rəqəmsal beyin, süni intellekt və beyin xəstəlikləri, beyin atlasları, “Big Data” analitikası, beyin əsaslı robotlar – neyrorobotika, beyin əsaslı süni intellekt, epilepsiya və rəqəmsal əkiz, rəqəmsal neyroinformatika, neyromorfik hesablama, federal superkompüter infrastrukturu və digər mövzularda geniş fikir mübadiləsi aparılıb.