TƏBİB-dən həkimlərin əməkhaqqı və bonuslarının ödənilməsi qaydası ilə bağlı AÇIQLAMA
Səhiyyə işçilərinin əməkhaqları ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə müəyyən edilir.
Bu barədə Oxu.Az TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, qaydaya əsasən səhiyyə işçisinin əməkhaqqına aşağıdakılar daxildir:
- tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;
- əmək şəraitinə görə ödənilən əlavələr;
- həvəsləndirici əlavələr;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər. Bu ödənişlərə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə və işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə və digərləri.
“Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Bütün bunları nəzərə alaraq qeyd etmək istərdik ki, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elsevər Kərimov 487 manat noyabr ayı üzrə aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit əlavə və əlilliyə görə 97,40 manat alıb. Əlavə olaraq, həkimə 467 müayinə və 105 müalicə xidmətinə görə ümumilikdə 934,72 manat işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə hesablanıb. Beləliklə, həkimin noyabr ayı üzrə gəliri ümumilikdə 2319,12 manat (tutulmalar daxil) təşkil edib.
Əlavə olaraq bildirək ki, həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələr həkim ixtisasları üzrə və fəaliyyət növü üzrə tətbiq edilən tarifin Qaydada əksini tapmış faizi həcmində müəyyən edilir. Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə, həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması xidmətinə görə tətbiq edilən tarifin 8%-i həcmində aylıq həvəsləndirici əlavələr hesablanır.
Qeyd edirik ki, optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir”, - məlumatda bildirilib.