Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi
Bakıda Türkiyə üçün təşkil olunan yardım məntəqələrinə köhnə maşını ilə yorğan-döşək aparan paytaxt sakini Sərvər Bəşirlidən yeni xəbər var.
Lent.az xəbər verir ki, Tarix Əliyevin aparıcısı olduğu “Ümid ilə gəl” verilişinə dəvət olunan S. Bəşirliyə avtomobil hədiyyə edilib.
Aparıcı ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başlatdığını deyib.
Bu barədə açıqlama verən aparıcı deyib ki, bahalı maşını hədiyyə edən şəxs rusiyalı iş adamıdır:
“Biz Sərvəri verilişə dəvət etdik. Ona “çox sağ ol” dedik və nə gözəl ki, bu ürəyə sahibdir. Sərvər bizimlə danışanda məlum oldu ki, o, Laçındandır, ailəlidir. Lakin dörd ildir övladı olmur. Azərbaycan xalqına müraciət etdik ki, gəlin, heç olmasa VAZ-2107 də olsa, alıb verək. Veriliş yayımlanan zaman Moskvada yaşayan iş adamı zəng etdi. Dedi ki, dostlarıma dedim, bir maşın alıb ona hədiyyə edək. İnşallah, maşın birinci gün Sərvər bəyə təqdim ediləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə yayılan fotoda Türkiyəyə yardım əlini uzadan Sərvər Bəşirli öz köhnə, qırmızı rəngli maşını ilə çağırış məntəqəsinə yorğan-döşək və isti geyimlər daşıyırdı.