Hesablama Palatası bu il 45 yeni nəzarət tədbiri həyata keçirəcək
- 17-01-2023, 16:19
- Cəmiyyət
Bu il Hesablama Palatasının 45 yeni nəzarət tədbiri həyata keçirməsi nəzərdə tutulub.
Bunu “Report”a açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
“Palatanın cari il üçün iş planına uyğun olaraq, fevralın 1-dən nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq. Nəzarət tədbirlərinin iş planına salınması beş əsas prinsip üzərində qurulub. Bunlardan biri dövlət büdcəsinin icrasına fayda vermək məqsədilə aparılan nəzarət tədbirləridir. Dövlət satınalmaları ilə bağlı ayrıca nəzarət tədbirlərimiz var.
Cari ildə təqribən beş nəzarət tədbiri səmərəlilik auditi üzərindən aparılacaq. Dördüncü əsas prinsipimiz isə odur ki, biz dövlət büdcəsinin icrasını maliyyə hesabatları üzərindən qurmaq istəyirik. Bu, ilk sınaq ili olacaq. Buna nə dərəcədə nail olacağımızı zaman və resurslarımız göstərəcək.
Beşinci prinsip isə nəzarət tədbirlərinin nəzarət-audit obyektləri, yaxud mövzular üzərindən qurulmasıdır. İş planına il ərzində əlavə dəyişikliklər də edilə bilər. Dəyişiklik daha çox Milli Məclisin, hüquq-mühafizə orqanlarının apardığı nəzarət tədbirlərinə görə daxil olan müraciətlər əsasında və Palatanın dövlət auditorları tərəfindən aparılan analitik təhlil işlərinin nəticəsinə əsasən edilə bilər.
İl ərzində 45 yeni nəzarət tədbirindən əlavə, əvvəlki və cari nəzarət tədbirlərinin də aparılması planlaşdırılır. Bunların əsasında Kollegiya qərarlarının izlənməsi ilə bağlı monitorinq tədbirlərinin də aparılması nəzərdə tutulur”, - deyə o qeyd edib.