Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib - FOTO
Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.
Ölkəmizin Kubadakı səfirliyindən bildiriblər ki, Prezident Migel Dias-Kanel Bermudeslə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kuba Prezidentinə çatdırıb.
Dövlətimizin başçımızın salamlarına görə minnətdarlığını bildirən Migel Dias-Kanel Bermudesə öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.
Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.
Söhbət əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.