İçərişəhərdə “Sehrli qala” yarmarkası start götürüb - FOTO
- 27-12-2022, 09:22
- Cəmiyyət
İçərişəhərdə qadın sahibkarları və həssas kateqoriyaya aid sahibkar və sənətkarları özündə birləşdirən ictimai birliklərin hazırladıqları məhsulların nümayiş etdirildiyi “Sehrli qala” yarmarkası start götürüb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Məlumata görə, KOBİA və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkada 70-dən çox sahibkar və sənətkarın məhsulları və əl işləri satılır. Burada əsasən müxtəlif aksessuarlar, oyuncaqlar, əl işləri, dekorativ əşyalar, qida və tekstil məhsulları və s. sərgilənir.
Gələn il 17 yanvara kimi davam edəcək yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirməklə onların inkişafına dəstək olmaqdır.
Yarmarkanın açılışına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və millət vəkili Vüqar İskəndərov belə tədbirlərin KOB-ların satış imkanlarının genişləndirilməsində, məhsul və xidmətlərinin geniş istehlakçı auditoriyasına tanıdılımasında, sahibkarlar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu bildirib, yarmarkanın fəaliyyəti ilə tanış olublar.