Deputat və icra başçısı Goranboyda şəhid bulağının açılışında iştirak etdi - Fotolar
- 22-11-2021, 20:16
- Cəmiyyət
Bu gün 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ağsaqqalları, şəhid ailələri ilə birlikdə Goranboy rayonu Düzqışlaq kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən şəhidlər bulağının açılışında iştirak edib.
"Azadsəs.az" xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı qələbəsilə başa çatan Vətən müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarət hissilə qeyd olunduğu, dövlət başçımızın və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğı ilə yanaşdığı vurğulanıb.
Daha sonra millət vəkili və icra başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparıblar.
Sonda şəhid anaları və sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.