Avropa ölkələrində Azərbaycan məhsullarına niyə rast gəlinmir? - RƏSMİ
- 18-02-2021, 16:30
- Cəmiyyət
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyin sədr müşaviri Camal Quliyev deyib.
Agentliyin rəsmisi bildirib ki, xarici ölkələrdə, xüsusilə də Avropa ölkələrində Azərbaycanda istehsal edilmiş meyvə-tərəvəzə rast gəlinməməsi və ya bu ölkələrə məhsul ixracının baş tutmaması onun keyfiyyət göstəriciləri ilə bağlı deyil:
“Bunun əsas səbəbi yolun uzaq olması ilə bağlıdır. Adətən bizim sahibkarlar Azərbaycandan uzaq məsafəyə məhsul daşınmasında maraqlı olmurlar. Çünki, biz Rusiya Federasiyası kimi böyük ölkə və bazar ilə qonşuyuq. Təbii ki, bizim tam şəkildə bu bazardan asılı olmağımız düzgün deyil. Bu il müvəqqəti məhdudiyyətlərin tətbiq olunması səbəbindən Avropa İttifaqı ölkələrinə məhsul ixracı, xüsusilə də pomidor məhsullarının ixracı artdı. Bu da onu göstərir ki, həmin ölkələrdə Azərbaycan məhsulları qəbul ediləndir. Burada əsas məsələ yol və qiymətdir. Bu məsələlərin də gələcəkdə tənzimlənməsi gözlənilir”.
Camal Quliyev qeyd edib ki, hazırda digər müvafiq qurumlar tərəfindən də ixracın genişləndirilməsi ilə bağlı işlər görülür və yaxın gələcəkdə bu tədbirlərin öz nəticəsini verməsinə ümid edilir.